October 24, 2010

“Azərbaycanda xalqın dəstəyini qazana biləcək yeganə qüvvə “AXCP-Müsavat” blokudur”

By admin
Razi Nurullayev: “Seçicilər kütləviliklə məntəqələrə gəlib “AXCP-Müsavat” blokunun namizədlərinə səs verəcəklər ki, biz də mübarizəni küçə və meydanlardan parlament tribunasına keçirək”

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilsə də, ölkədə seçki əhval-ruhiyyəsinin aşağı olduğu göz önündədir. Müxalifət nümayəndələri bunu hakimiyyətin yaratdığı anti-demokratik mühitlə əlaqələndirirlər. Hətta bəzi müxalifət nümayəndələrinə təbliğat kampaniyasında maneçiliklər də törədilər.
AXCP sədrinin müavini, 23 saylı Nəsimi-Səbil Seçki Dairəsindən “AXCP-Müsavat” blokunun vahid namizədi Razi Nurullayevə də normal seçki kampaniyası aparmağı imkan verilmir.

– Hazırda seçkiöncəsi vəziyyət anti-demokratikdir. Bildiyiniz kimi, bir neçə gün öncə ATƏT-in müşahidə missiyasının hesabatı açıqlandı və orda qeyd olundu ki, namizədlər üçün qeyri-bərabər şərait yaradılıb, bu şərait azad və demokratik seçkilərin keçirilməsinə o qədər də böyük imkanlar yaratmır. Bu fikirlə razıyam. Digər tərəfdən, AXCP özünün dəstəklədikləri şəxslərlə yanaşı, yüzə qədər namizəd irəli sürmüşdü. Onlardan cəmi 38 nəfəri qeydə alındı. Amma YAP-ın əksər namizədləri qeydə alındı. Bu namizədlərin qeydə alınması prosesi bir-iki gün ərzində baş verib. Namizəd olduğum 23 saylı Ќəsimi-Səbail Seçki Dairəsində namizədliyim qeydə alınmadı, təqdim etdiyim 700 imzadan 302-ni “saxta” çıxartdılar. Şikayət ərizəmdən sonra MSK məni qeydə aldı. Burada mən nə qədər vaxt, nə qədər enerji itirdim, seçki materiallarımı da vaxtında hazırlaya bilmədim. Eyni vəziyyətlə “AXCP-Müsavat” blokunun digər namizədləri də üzləşdilər. Hazırda məhkəmə qərarını gözləyən namizədlər də var. Artıq seçkinin keçirilməsinə 12 gündən az vaxt qalıb. Belə bir müddətdə təbliğat kampaniyası aparmağa imkanlar qalmır. Bütün bunları nəzərə alaraq, sekiöncəsi vəziyyəti müsbət qiymətləndirmək mümkün deyil. Müsbət bir hal o ola bilər ki, İctimai Televiziyada namizədlər üçün 4 dəqiqəlik efir ayrılıb. Bir məsələ də var ki, efirdə qeydə alınmış namizədlərin YAP-ın təbliğatını aparmasını düzgün qiymətləndirmirəm.

– Müxalifətin prosesə qoşulan namizədləri bəllidir. Ümumilikdə müxalifətin perspektivini necə görürsünüz?

– Bu gün Azərbaycanda xalqın dəstəyini qazana biləcək yeganə qüvvə “AXCP-Müsavat” blokudur. Görüşlərimdə də, insanlarla təmaslarımda da aydın şəkildə görünür ki, “AXCP-Müsavat” blokunun əsas namizədləri xalqdan səs ala biləcəklər. Artıq seçilib-seçilməmək məsələsi seçkinin necə keçirilməsi və səslərin necə sayılmasından asılı olacaq. Ona görə də “AXCP-Müsavat” blokunun 38 namizədinin səs alacağına inanıram. Biz ümid edirik ki, kifayət qədər yer alıb Milli Məclisdə kiçik də olsa, fraksiya yarada biləcəyik.

– Razi bəy, artıq Siz də təbliğat kampaniyasına başlamısınız. Görüşlərdə hansı əhval-ruhiyyəni hiss edirsiniz, xalqdan dəstək ala biləcəksinizmi?

– Mənim namizəd olduğum dairədə elə bir vəziyyət yaranıb ki, artıq onu sözlə yox, bəlkə də sazla demək lazımdır. Şamil Əzizbəyov 179 ünvanında kiçik bir qərargah götürmüşəm, həmin qərargah 24 saat ərzində polisin nəzarəti altındadır. Gündə iki dəfə bizi ofisdən çıxarırlar, təzyiq göstərmək üçün ev yiyəsini axtarırlar. İşıqpulu yığanları göndərirlər ki, işığımızı kəssinlər, suyumuzu artıq kəsiblər. Belə bir şəraitdə fəaliyyət göstəririk. Mən hansı tərəfə getsəm də, arxamca ən azı 2-3 maşın gəlir. Qərargahımızın ətrafında da ən azı 4-5 bahalı maşınlar dayanır. Düzdür, bizə elə də təzyiq göstərmirlər, amma hara getsək, arxamızca gəzirlər. Bəlkə də bizi qorumaq üçün edirlər, yəni, pulsuz cangüdəndlik edirlər.
Dünən bir görüşümə polis müdaxilə edib, insanları dağıtdı. İnsanları evlərinə salıb, qapıları da bağladılar. Məsələ burasındadır ki, mən insanları görüşə çağırmamışdım, sadəcə, bir namizəd kimi qapıları döyüb onlarla təmas qururdum, fikirlərimi çatdırırdım. Bu baxımdan çox acınacaqlı bir vəziyyət yaranıb. Yunan mifologiyasında kaneyon çaşkası deyilən bir ifadə var. Bu kaneyon çaşkasında həmişə zəhər olur. Bax, mənim dairəmdə yaradılan vəziyyət kaneyon çaşkasını xatırladır. Artıq ya bunu içməlisən, ya da imtina eləməlisən. Əlbəttə ki, çox çətin bir durumdayam.

– Alternativlərinizlə bağlı nə deyə bilərsiniz. Hakimiyyətin dəstəkləydiyi əsas namizədlərdən biri hazırkı deputat Ziyad Səmədzadədir. Bu baxımdan aranızdakı rəqabət necə olacaq?

– Ziyad Səmədzadəyə ancaq uğurlar arzulaya bilərəm və onun haqqında mənfi fikir işlətmək istəmirəm. Düşünürəm ki, onu seçicilər müəyyənləşdirməlidir. Amma görüşlərimdə onun şahidi olmuşam ki, insanlar doğrundan da böyük narazılıq və narahatlıq içərisindədirlər. Mən, “AXCP-Müsavat” blokunun namizədi kimi həyətlərə girən zaman insanlar əllərində mənim bukletlərim həyətlərə çıxırlar, gülərüzlə qarşılayırlar, evlərinə dəvət edirlər. Mən artıq əminəm ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən əksəriyyətin səsini qazanmaq iqtidarındayam. Bunu görüşlərdəki münasibət də sübut edir. İnsanların o qədər problemləri var ki, neçə illərdir yığılıb qalıb. Əslində həmin problemlər elə də böyük maliyyə resursları tələb etmir. Sadəcə olaraq, insanlara diqqət göstərmək, onlarla görüşmək, onların problemləri ilə maraqlanmaq lazım idi. Bunlar baş verməyib. Biz görüşlərdə həmin problemlərdən və həlli yollarından danışırıq. Onlar bilirlər ki, biz neçə illərdir küçə və meydanlarda mübarizə aparmışıq, polis dəyənəyi altında qalmışıq, həbs olunmuşuq, bəzən başımız yarılıb, qanımız tökülüb, amma yolumuzdan dönməmişik. Çox şadam ki, insanlar bunu bilir və bizə xatırladır. Özləri deyir ki, kütləviliklə məntəqələrə gəlib “AXCP-Müsavat” blokunun namizədlərinə səs verəcəklər ki, biz də həmin mübarizəni küçə və meydanlardan parlament tribunasına keçirək.
Bu dairədə əsasən ziyalı təbəqəsi yaşayır, müəyyən mənada medianı izləyən insanlardır. Ona görə də bu isanlar düzgün qərar qəbul edəcəklər. Sevinirəm ki, insanlar bizim mübarizəmizin fəlsəfəsində dayanan anlamı başa düşürlər. İnsanlar artıq demirlər ki, onsuz da səs verəcəyik, nəticələri saxtalaşdıracaqlar. Onlar da gözəl başa düşürlər ki, gəlib səs verməlidirlər ki, başqaları onların yerinə səs verib, saxtakarlıq etməsinlər. Ümid edirəm ki, onlar verdikləri sözə əməl edəcəklər və seçki məntəqələrinə gəlib, “AXCP-Müsavat” blokunun namizədinə səs verəcəklər.

– Həmin dairədə müxalifətin namizədi təkcə Siz deyilsiniz. ALP sədri Əvəz Temirxan da Sizin alternativinizdir. Bu amil hakimiyyət əleyhdarlarının səsinin parçalanmasına səbəb olmayacaq ki?

– Mümkündür ki, müəyyən təsiri olsun. Amma real olaraq, müxalifət deyən zaman insanların gözü önündə AXCP-Müsavat canlanır. Buna görə də böyük problem görmürəm. Hətta bir dairədə üç-dörd müxalifət namizədi olsa da, xalq əsl müxalifətçi kimi tanınan, ən çox iş görə biləcək namizəd üzərində seçim edəcək. Kimsə olar bilər ki, o namizədin qohumudur, tanışıdır, amma reallığa baxan zaman görəcəklər ki, onlar əksəriyyətin səsini qazana bilməyəcəklər. Ona görə də ağlı başında olan seçici real uda biləcək namizədə səs verəcək. Bu mənada əminəm ki, seçicilərin əksəriyyəti “AXCP-Müsavat” blokunun namizədinə səs verəcək.

– Deyirsiniz ki, insanlarda seçkiyə gəlmək əhval-ruhiyyəsi var. Bəs, insanlarda verdikləri səsə sahib çıxmaq, onu qorumaq iradəsi varmı?

– Görüş keçirdiyim insanlarda bu iradəni görürəm. Onlar hesab edirlər ki, bu dairədə onların səsi saxtalaşdırılarsa, seçilən namizədi tanımamaq, ona etimadsızlıq göstərmək kampaniyası başlayacaqlar. Bu dairədə çox cavan təbəqəni tanıyıram, artıq facebook sosial şəbəkəsindən və digər internet şəbəkələrindən mənə məktublar gəlir. Həmin gənc insanlar bildirirlər ki, əgər bu dairədə seçkilər saxtalaşdırılarsa, onların seçdiyi namizədin qalibiyyəti tanınmazsa, bütün sosial şəbəkələrdə, internetdə böyük bir kampaniya aparacaqlar. Digər seçiciləri də həmin kampaniyaya dəstək verməyə, saxta yolla seçilən deputatı tanımamağa səsləyəcəklər. Hazırda bu tendensiya bizim dairədə formalaşmaqdadır. YAP da, hakimiyyət dairələri də bunu çox gözəl bilir ki, Razi Nurullayevin nüfuzu həmin dairədə get-gedə yüksək səviyyədə artmaqdadır. Bu gün (oxu:dünən) orada yaşayan tələbələrlə görüş keçirdim. Onlar öz təşəbbüsləri ilə mənimlə görüşdülər, müəllimlərini də bu işə təşviq edəcəklərini bildirdilər. Mən görürəm ki, 30-40 yaşa qədər olan insanlar arasında nüfuzum kosmik surətdə artmaqdadır. Ola bilsin ki, buna mənim aktiv internet fəaliyyətim də stimul yaradıb. Elə buna görə də hakimiyyət dairələri mənim görüşlərimin qarşısını almaq, məni dayandırmaq, nüfuzdan salmaq və fəaliyyətimə əngəl törətməyə çalışırlar.
Bir çox namizəd artıq aktiv bir seçki kampaniyası apara bilmir. Reallıq budur ki, onsuz da başqa namizədin təbliğat aparmasının nəticəsi olmayacaq. Ona görə də digərləri özlərini əziyyətə və xərcə salıb kampaniya aparmaq istəmirlər. Hər halda mənim bu günə kimi müşahidə etdiyim görüntü bunu deməyə sas verir. Fakt odur ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində “AXCP-Müsavat” blokunun namizədinin qalib gələcəyinə şübhə yoxdur.

– Razi bəy, televiziya efirində seçicilərinizə qısa da olsa, çağırışda bulundunuz. İndi nə demək istəyirsiniz, insanları nəyə əsasən Sizə səs verməyə çağırırsınız?

– Dünən mənim “Obyektiv” TV-də seçicilərə on dəqiqəlik video müracətim yayımlanıb. Artıq bu video müraciətimi facebook sosial şəbəkəsində yayımlamışam. Gücüm çatan qədər onları DVD disklərə köçürüb evlərə də paylamaq niyyətindəyəm.
Sizin qəzet vasitəsi ilə də seçicilərə səslənirəm: neçə illərdir AXCP və Müsavat sizləri qorumaq, sizlərin haqq sözünü çatdırmaq üçün mübarizə aparırlar. Bu gün isə həmin mübarizənin meydanlardan, küçələrdən, polis dəyənəyinin altından çıxarıb parlamentin tribunasına keçirmək lazımdır.
Onun üçün də mən bütün seçiciləri dəvət edirəm ki, məhz onların sözünü deyən, onlar üçün mübarizə aparan, döyülən, əzilən namizədlərə səs versin və onların parlamentə düşməsinə səy göstərsinlər. Bu, həmin seçicilərin səslərinin parlamentdə eşidilməsinə səbəb olar. Ќeçə illik mübarizənin də dəyişiklik yaratmasına və bütün Azərbaycan xalqının həyatında fərqlilik yaranmasına səbəb olar. Çünki artıq cəmiyyətin bu səmtdə inkişafı Azərbaycanın gələcəkdə böyük iqtisadi-siyasi tələtümlər yaşayacağından xəbər verir. Bax, bunun üçün də həmin seçicilər imkan yaratmalıdırlar ki, “AXCP-Müsavat” blokunun namizədləri parlamentə düşüb orada fraksiya yarada bilsinlər və Azərbaycanı silkələyə biləcək problemlərin qarşısını almağa çalışsınlar. Digər tərəfdən, “AXCP-Müsavat” blokunun namizədlərinin parlamentə düşməsi insanların illərlə yığılıb qalan problemlərinin həllinə səbəb ola bilər.
İndiyə qədər biz insanların evləri sökülən zaman, işıqları, qazları kəsilən zaman partiya şəklində həmin əraziyə gedir və etirazımızı bildirirdik. İnsanlar özü bizi həmin ərazidən uzaqlaşdırdı ki, müxalifətin bura gəlməsi problemlərinizin daha da dərinləşməsinə səbəb olur. Onun üçün də mən onlara müraciət edirəm ki, biz həmişə onların yanında olmuşuq və bu gün də onların yanında olmaq, problemləri yerində həll etmək üçün “AXCP-Müsavat” blokunun namizədlərinə səs verməlidirlər. Bu zaman biz parlamentdə həmin problemləri qaldırıb, həll olunması üçün bütün səyimizi göstərəcəyik. İnanıram ki, xalq həmişə onun yanında olan, onun yolunda bütün əzablara qatlaşan “AXCP-Müsavat” blokunun namizədlərinə səs verəcək.

Reytinq qəzeti, 24 oktybar 2010

Comments